Valyuta böhranı səbəbiylə enerji ala bilməyən, pul vahidi adi kağıza çevrilən Pakistan rekord səviyyədə xarici borclarını ödəyə bilmədiyi üçün tədiyyə balansı böhranı ilə boğuşur. Son əlli ilin ən yüksək inflyasiyası ilə mübarizə aparan dövlət Beynəlxalq Valyuta Fondunun (BVF) borcgötürmə şərtlərini yerinə yetirmək üçün qazın istehlak qiymətlərini həndəsi silsilə ilə - 7 dəfə qaldırıb.
Hafta.az-ın yazdığına görə, Şahbaz Şərif hökumətinin qazdan sonra elektrik enerjisini də bahalaşdıracağı deyilir. Hökumət indiki qərarı ilə mənzillərə və sənaye müəssisələrinə verilən təbii qaz istehlakına görə vergini 16 faizdən 113 faizə yüksəldib. Bildirilir ki, elektrik enerjisində də oxşar qiymət artımı gözlənilir. Bu isə onsuz da dolanmaqda çətinlik çəkən pakistanlıları şoka salıb.
“Tribuna” qəzetinin məlumatına görə, yaxın 6 ayda qazpulu üçün 310 milyard rupi daha çox ödəyəcək istehlakçılar elektrik enerjisinin yeni qiymətinin gəlməsi ilə ödənişlərini 736 milyard rupiyə yüksəldəcəklər.

Şərif hökumətinin qazpulu artımına dair qərarını BVF-nin islahat paketini açıqlamasından dərhal sonra verməsi diqqət çəkir. Maliyyə naziri İshak Dar bu həftə BVF-nin 2019-cu il sazişinin təxirə salınmış 1,2 milyard dollarlıq tranşını buraxacağını gözlədiyini söyləyib.
Bu arada, BVF-nin nağd pul yığımı tələblərini ödəmək üçün yeni vergilər və devalvasiya nəticəsində 1 litr benzinin qiyməti 22,20 rupi artaraq 272 rupiyə, dizelin qiyməti isə 17,20 rupi artımla 280 rupiyə yüksələrək tarixi rekord qırıb.
İqtisadçılar Pakistanda rəsmi məlumatlara görə yüzdə 26 olan inflyasiyanın yeni vergilər səbəbindən 40 faizə yüksələ biləcəyini proqnozlaşdırarkən, digər tərəfdən İslamabadın BVF-dən kredit ala bilmədiyi təqdirdə inflyasiyanın 60 faizi keçə biləcəyi qənaətindədirlər.
"Associated Press"in rəyini aldığı pakistanlılardan biri, Pişəvərdə tikinti şirkətinin işçisi və üç uşaq atası olan 32 yaşlı Zamin Gül deyib ki, bir ildən az müddətdə yağ və bütün ərzaqların qiymətləri iki dəfə artıb, amma insanların qazancında zərrə qədər artım olmayıb. Ona görə də əhali necə yaşayacağını düşünür.
Ötən yay 1739 nəfərin ölümünə səbəb olan daşqınların dağıntıları, islamçı ekstremist zorakılıqlar və siyasi qeyri-sabitliklə də mübarizə aparan Pakistanda qaz vergilərindəki kəskin sıçrayış, istehsal xərclərini artıraraq hazırkı yüksək inflyasiya dövrəsini yüksəldəcəyi gözlənilir.

Keçmişdə hökumətdə məsləhətçi kimi çalışmış iqtisadçı Aşfak Əhməd deyib ki, Pakistan iqtisadiyyatı hazırda toqquşmağa gedən sükansız gəmiyə bənzəyir. BVF-dən yardım istəməyə qarşı olduğunu, lakin Pakistanın bu şərtlər altında başqa çarəsi olmadığını söyləyən Əhməd bildirib ki, hökumət yeni vergilər tətbiq etməli olacaq və arxalarını BVF-nin borc paketlərinə söykəmiş keçmiş hökumətlərin yürütdüyü yarıtmaz siyasətlərin ağrı-acısını yoxsul xalq çəkməli olacaq.
Keçmiş maliyyə naziri Miftah İsmayıl Pakistan üçün qarşıdakı 6-8 ayın çətin olacağını proqnozlaşdırıb, lakin nə vaxtsa defolt həddindən geri dönüş ola bilər.
Valyuta ehtiyatlarının 3 milyard dollardan aşağı düşməsi Pakistanı sənaye sektorunun xammal idxalına nəzarəti daha da gücləndirməyə məcbur edib. Böhran son həftələr bəzi zavodların bağlanmasına, digərlərinin isə işçilərini ixtisar etməsinə səbəb olub.
BVF-nin kredit kranlarını yenidən açmasının dost ölkələri də pul kisələrini açmağa təşviq edəcəyinə inanan maliyyə naziri Dar, hökumətin yeni vergiləri yoxsullara təsir göstərməyəcək şəkildə tətbiq edəcəyini bildirir. Bununla belə, iqtisadçıların fikrincə, yeni tətbiqlərdən ən çox mənfi təsirlənən yoxsullar olacaq.
Asiya İnkişaf Bankının məlumatına görə, Pakistanın 230 milyonluq əhalisinin 21 faizi yoxsulluq həddindən aşağı yaşayır, qalan əksəriyyət aşağı və orta gəlirli insanlardır, varlı elita isə 8-9 faizdir.